Uşaqlıq boynunun eroziyası

  • 15-04-2017, 13:10

Uşaqlıq boynunun eroziyası xəstəliyində uşaqlıq boynunun selikli qişasında bu və digər zədələr aşkar edilir.
Uşaqlıq boynunun eroziyasını istənilən yaşda aşkar etmək mümkündür, lakin bu diaqnoz çox vaxt 20-35 yaşlı gənc qadınlara qoyulur. Bu xəstəliyə tez-tez cinsi həyat keçirən qadınlarda rast gəlmək olur, lakin eroziya qız uşaqlarında və doğmayan qadınlarda da yarana bilər. Psevdoeroziya riski yeniyetmə qızlarda, gənc qadınlarda və hamiləlik əleyhinə tabletlər qəbul edən qadınlarda daha yüksək olur. Həqiqi eroziya riski seksual partnyorlarını tez-tez dəyişən qadınlarda da yüksək olur. Uşaqlıq boynunun displaziyası riski də seksual partnyorlarını tez-tez dəyişən qadınlarda, habelə cinsi həyata 18 yaşından əvvəl başlayan şəxslərdə və siqaret çəkən qadınlarda yüksək olur.
Əksər hallarda uşaqlıq boynunun eroziyası simptomsuz keçir, buna görə də bu diaqnoz çox vaxt təsadüfən, ginekoloq tərəfindən növbəti profilaktiki baxış zamanı qoyulur. Buna baxmayaraq, uşaqlıq boynunun eroziyası cinsi əlaqədən sonra qanlı ifrazatlarla (çəhrayı, palıdı və ya tünd palıdı) və ya gözlə görünən səbəblər olmadan da özünü büruzə verə bilir. Eroziya zamanı ifrazatlar xoşagəlməz qoxu verə bilir. Ifrazatların xoşagəlməz qoxu verməsi iltihaba işarə edir.
Uşaqlıq boynunun eroziyası heç də həmişə qadının sağlamlığı üçün təhlükə kəsb etmir. Ginekoloqunuz Sizdə uşaqlıq boynunun eroziyasının olduğunu bildirmişdirsə, ondan uşaqlıq boynunda nə kimi dəyişikliklərin baş verdiyini nəzərdə tutduğunu mütləq dəqiqləşdirin. Siz gəncsinizsə (Sizin 16-25 yaşınız var) və ya hamiləlik əleyhinə tabletlər qəbul edirsinizsə, onda çox güman ki, söhbət psevdoeroziyadan gedir ki, bunun da heç bir müalicəyə ehtiyacı yoxdur və tədricən keçib gedəcəkdir. Əgər ginekoloqunuz həqiqi eroziyadan şübhələnirsə, onda o, gizli infeksiyalara görə analizlər təyin etməli və hər hansı infeksiya aşkar etdikdə, müalicə təyin etməlidir. Həqiqi eroziyanı yandırmaq olmaz. Sizdə uşaqlıq boynunun displaziyası aşkar edilmişdirsə, onda yandırma və ya uşaqlıq boynunun zədələnmiş sahəsinin götürülməsi tələb oluna bilər.

Uşaqlıq boynu xəstəlikləri

Share:

Rəylər