Hamiləlik zamanı ayaqlarda qıcolmalar

  • 15-04-2017, 13:26

Hamiləlik zamanı ayaqlarda qıcolmalar.
Bir çox qadınlar hamiləlik zamanı ayaqlarda olan qıcolmalarla üzləşir. Qıcolmalar çox vaxt axşam və ya gecə saatlarında istirahət zamanı özünü büruzə verir.
Qıcolmalardan qorxmaq lazım deyil. Ananın və körpənin səhhəti üçün qıcolmalar təhlükə yaratmır. Lakin tez-tez təkrarlandıqda belə qıcolmalar həm ananı narahat edir, həm də ananın orqanizmində gedən bəzi pozulmalara işarə edə bilər.
Qıcolmaların səbəbləri bunlardır:
- Bir çox hallarda bunun səbəbi hamilə qadının orqanizmində kalsium, kalium və maqnezium kimi mikroelementlərin və B6 vitaminin çatışmazlığıdır. Bu pozulma hamiləliyin əvvəlində tez-tez təkrarlanan qusmalar, ortalarında və axırında isə natamam qidalanma, sidikqovucu preparatların qəbulu, böyüyən uşağın bu vitamin və mikroelementlərə olan təlabatın artması nəticəsində yarana bilər.
- Qanda hemoqlobinin səviyyəsinin enməsi də qıcolmalara səbəb ola bilər. Bu zaman qıcolmalardan əlavə qadında halsızlıq, yuxululuq, başgicəllənməsi, bayılma və s. bu kimi simptomlar inkişaf edə bilər.
- Damarların varikoz xəstəliyi qıcolmalara səbəb ola bilər. Bu zaman qıcolmalardan əlavə qadın ayaqlarında ağırlıq, yorğunluq və ağrılar hiss edir, ayaq damarları üzə çıxır.
- Qanda şəkərin səviyyəsinin dəyişilməsi.
- Hamiləliyin 3-cü üçaylığında inkişaf edən "aşağı boş venanın sıxılması sindromu" da qıcolmalara səbəb ola bilər. Bu zaman böyümüş uşaqlıq damarı sıxır və bunun nəticəsində ayaqlarda qan dövranı çətinləşir. 
Qıcolmaların dəqiq səbəbini təyin etmək üçün qadın ginekoloqa müraciət etməlidir.
Qıcolmalar zamanı ilk yardın məqsədi ilə qıcolma tutmuş ayağın barmaqlarını bir neçə dəfə güclə dartıb-buraxmaq, qıcolma tutmuş əzələni masaj etmək, ayağın üzərinə isti bir şey (məsələn, qrelka) qoymaq olar.

Hamiləlik / Təbii doğuş / Keysəriyyə / Hamiləliyin təqibi / Digər xidmətlərimiz

Share:

Rəylər